Bəzən hər şeyin var – amma heç nə hiss etmirsən.İşin var, maaşın da pis deyil. Geyindiklərin brend, telefonun yenidir. Amma içində dərin bir boşluq var. Digər tərəfdə isə biri var: O, ayın sonunu çətinliklə gətirir, amma səhər günəşinə baxanda təbəssüm edə bilir.Bu yazıda pulun təmin etdiyi təhlükəsizliklə, təmin edə bilmədiyi sakitliyin, doyumun, psixoloji rifahın arasındakı fərqi araşdıracağıq. Çünki insanın həqiqi ehtiyacı təkcə maddiyyat deyil – ruhun qidası da bir o qədər vacibdir.
1. “Dəyərim nə qədərdir?” sualını bank kartı cavablamamalıdır
Pul – vasitədir. Amma biz onu özümüzün göstəricisinə çevirmişik.
Əldə etdiyimiz maaşı, yaşadığımız evi, geyindiyimiz paltarı dəyərimizin ölçüsü kimi qəbul etməyə başlamışıq. Sanki insanın kimliyi bank balansından, tituldan, CV-dən ibarətdir.
Bu, nəinki özümüzlə bağımızı zədələyir, həm də başqaları ilə daimi müqayisəyə salır:
• “O daha çox qazanır…”
• “Mən hələ də öz evimi almamışam…”
• “Bəs mən nəyə görə bu qədər çalışıram və yenə də narahatam?”
Hər şeyin qiymətini bilirik, amma dəyərini unuduruq.
Özümüzə “mən dəyərliyəm” demək üçün maddiyyat axtarırıq. Halbuki dəyər, içdən gələn bir hissdir – alış-verişdən, statusdan yox.
2. Zənginlik hissi daxildən gəlir, bankdan yox
Tədqiqatlar göstərir ki, pul müəyyən bir həddə qədər xoşbəxtlik gətirir – əsas ehtiyacların qarşılandığı nöqtəyə qədər.
Yəni rahat yata biləcəyin evin, qarnını doyura biləcəyin yeməyin, təhlükəsizliyin varsa – bu, həqiqətən vacibdir.
Amma o nöqtədən sonra nə baş verir?
• Daha çox pul – daha çox narahatlıq
• Daha yüksək gəlir – daha çox müqayisə və qorxu
• Daha prestijli həyat – daha çox emosional təzyiq
İnsan ruhu alış-veriş səbəti deyil. Ona tənhalığın ortasında anlayan bir baxış, çətin günündə yanında olan bir insan, həyatına mənası olan bir səbəb lazımdır. Zənginlik – hamının həsəd apardığı bir həyat yaşamaq deyil. Öz-özünə “şükür” deyə bilməkdir.
3. Psixoloji gəlirini necə artıra bilərsən?
Psixoloji gəlir – insanın özünü mənalı, dəyərli və rahat hiss etməsidir. Bu, maaş kartında yox, içində baş verir. Bunu artırmaq üçün:
• Dəyərlərini yenidən müəyyən et: Sən təkcə qazandığın pul deyilsən. Sən insanlara necə təsir etdiyin, nə qədər sevdiyin və necə yaşadığınsan.
• Kiçik gözəlliklərdən zövq al: Günəşin doğuşu, yağış sonrası torpaq qoxusu, sevdiyin mahnı, səmimi söhbət… Bunlar sənə heç nə başa gəlməyəcək, amma çox şey qatacaq.
• Dayanmağa icazə ver özünə: Hər zaman qaçmaq uğur deyil. Yorulanda dayanmaq – özünə şəfqətin əlamətidir.
• Sev və paylaş: Pul bölündükcə azalar, amma sevgi və mərhəmət paylaşıldıqca çoxalar. Ruhun sərmayəsi – münasibətlərdir.
• Dəyərlə əhatələn: Özünü “brend” kimi hiss etdirənlərlə yox, səni dinləyən, anlayan və sənə “dəyərli” hiss etdirənlərlə vaxt keçir.
4. Pul vasitədir, məqsəd deyil
Pul – bir çox problemi həll edə bilər. Amma heç vaxt səni xoşbəxt, güvənli, dəyərli hiss etdirəcək tək şey ola bilməz.
Çünki:
• Pul qorxunu azalda bilər, amma sevgini verə bilməz
• Pul sakitlik yaradar, amma daxili sülhü gətirə bilməz
• Pul sənə seçim haqqı verər, amma kim olduğunu müəyyən etməz
Sən – qazandığın rəqəmlərdən daha böyüksən.Zəngin olmaq arzusu təbiidir. Amma həqiqi zənginlik, balansda yox, ürəkdədir.
Özünə bir sual ver: Əgər heç kim qazandığını bilməsəydi, yenə bu qədər çalışardınmı?
Unutma:
Sonda insanlar sənin nə qədər qazandığını yox, səninlə özlərini necə hiss etdiklərini xatırlayacaqlar. İcazə ver, pul sənə xidmət etsin – səni idarə etməsin.
Tövsiyə olunan kitab: “Soulful Simplicity” – Courtney Carver
Tövsiyə olunan podkast: “The Minimalists” – Joshua Fields Millburn & Ryan Nicodemus
Tövsiyə olunan sənədli film: “Happy” – İnsanların həqiqi xoşbəxtliyi harada tapdıqlarını araşdıran sənədli film
Nüşabə İsgəndərova
Dövlət Universiteti Psixologiya ( SABAH) tələbəsi 4-cü kurs