Heç olubmu ki, biri ilə münasibət qurmaq istəyirsən amma daxilində səbəbini bilmədiyin bir qorxu hiss edirsən? Bir yandan birinə yaxın olmaq istəyirsən o biri yandan sanki ürəyin icazə vermir ya da əksinə biri sənə yaxınlaşmaq istəyir amma sən ondan uzaqlaşırsan. Son zamanlar münasibətlərdə bu problemləri çox eşidirik.
Bəs bunun səbəbi nədir? Sosial medianın yaratdığı mükəmməl obrazlar? Keçmiş travmalar? Yoxsa gələcək qorxularımız?
Bu yazıda suallara aydınlıq gətirməyə çalışacağıq. Bunun üçün də bağlanma üsullarını araşdırmağın və onların həyatımıza və bizə necə təsir etdiyini öyrənməyin faydası var.
Yaxınlıqdan Qorxmaq Nə Deməkdir?
Bəzən bir insanla yaxın münasibət qurmaq istəyirik, ona ürəyimizi açmaq, paylaşmaq istəyirik, amma içimizdə görünməyən bir divar yaranır. Sən də bunu hiss etmisən? İstəyirsən yaxınlaşasan, amma bir tərəfin səni saxlayır. Sanki ürəyin “dayan, birdən incinərsən” deyə xəbərdarlıq edir.
Bu qorxu təkcə yeni münasibətlərdə yaranmır, bəzən uzun müddətli münasibətlərdə də özünü göstərə bilir. Daxilimizdəki bu tərəddüdün səbəbləri müxtəlif ola bilər: keçmişdə yaşadığımız xəyal qırıqlıqları, qəbul edilməmək qorxusu, uşaqlıqda gördüyümüz münasibət nümunələri və ya özümüzə olan inamsızlıq.
Əslində yaxınlıq özü bir cəsarət tələb edir. Kiməsə ürəyini açmaq, həqiqi hisslərini göstərmək, sevilmək ümidi ilə yanaşı incinmək riskini də daşıyır. Və bəzən bu risk gözümüzdə o qədər böyüyür ki, sevgini belə geri itələyirik. Bu hisslərin tamamilə təbii olduğunu bilmək isə insanı bir az rahatladır. Çünki qorxmaq pis bir şey deyil – qorxu sadəcə özümüzü qorumaq istəyimizin bir parçasıdır. Vacib olan qorxudan qaçmaq yox, onu tanımaq və yenə də ürəyimizi qorxmadan açmağa çalışmaqdır.
Bağlanma Üslubları Nələrdir?
İnsanlar münasibətlərə fərqli cür yanaşırlar. Kimisi asanlıqla yaxınlaşır, özünü rahat ifadə edir, kimisi isə bir az ehtiyatlı davranır. Hətta bəziləri özlərini qorumaq üçün uzaq dururlar. Psixologiyada bu cür fərqli yanaşmalar “bağlanma üslubları” adlanır.
Bağlanma üslubları uşaqlıq dövrümüzdə, valideynlərimiz və yaxınlarımızla qurduğumuz münasibətə görə formalaşır. Yəni ilk dəfə necə sevilmişiksə, necə qorunmuşuqsa, böyüyəndə də münasibətlərə o gözlə baxırıq.
Əsasən dörd bağlanma üslubu var:
Təhlükəsiz bağlanma: Ən sağlam bağlanma növüdür. Bu insanlar özlərinə və qarşı tərəfə güvənirlər. Yaxınlıqdan qorxmurlar, hisslərini rahat ifadə edə bilirlər.
Qaçınan (uzaqlaşan) bağlanma: Bu üsluba sahib insanlar yaxınlıqdan qaçırlar. Onlar üçün azadlıq çox önəmlidir və münasibətlərdə boğulmaqdan qorxurlar. Məsələn, biri sənə yaxınlaşmağa çalışanda sən özünü narahat hiss edib araya məsafə qoymaq istəyirsənsə, bu, qaçınan bağlanmanın işarəsi ola bilər.
Təşvişli (narahat) bağlanma: Bu insanlar daim qarşı tərəfin onları tərk edəcəyindən qorxurlar. Münasibətdə çox tez narahat olurlar, çox şey gözləyirlər və bəzən emosional dalğalanmalar yaşayırlar.
Qorxulu-bağlanma: Bu üsluba sahib olanlar həm yaxınlıq istəyir, həm də ondan qorxurlar. Bir növ, “Gəl, amma çox da yaxın gəlmə” hissini yaşayırlar. Keçmişdə yaşadıqları zərərli münasibətlər və ya travmalar səbəbindən belə hiss edirlər.
Özümüzü tanımaq üçün hansı bağlanma üslubuna yaxın olduğumuzu bilmək çox kömək edir. Çünki münasibətlərdə yaşadığımız çətinliklərin kökü çox zaman buradan başlayır.
Məsələn, “Good Will Hunting” filmini xatırlayaq. Oradakı baş qəhrəman da yaxınlıqdan qorxduğu üçün əsl duyğularını ifadə etməkdə çətinlik çəkirdi. Və bu, onun bütün münasibətlərinə təsir edirdi.
Unutma ki, bağlanma üslubu dəyişməz deyil. Özümüzü tanıdıqca, çalışdıqca daha sağlam münasibətlər qurmaq mümkündür. Bəs sən hansı bağlanma növünə özünü daha yaxın hiss edirsən?
Sosial Medianın Təsiri və Qorxularımız
Son illər sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Instagram-da, TikTok-da, YouTube-da hər gün “mükəmməl cütlüklər”, “romantik anlar”, “ideal münasibətlər” videoları görürük. Hər şey o qədər parıltılı və problemsiz göstərilir ki, bir müddət sonra öz real münasibətlərimizə şübhə ilə baxmağa başlayırıq. Sanki həqiqi sevgi ancaq çiçəklərlə dolu sürprizlərdən, hər an xoşbəxt olmaqdan ibarət olmalıdır. Amma reallıq fərqlidir. Həyatdakı münasibətlərdə mübahisələr də olur, anlaşılmazlıqlar da, çətin günlər də. Sadəcə sosial mediada bu tərəflər çox az paylaşılır.
Bəzən insanlar bu “mükəmməl” görüntüləri görə-görə yaxınlıqdan qorxmağa başlayırlar. Düşünürlər ki, “mənim münasibətim belə mükəmməl deyil, demək ki, ya mən səhvəm, ya da münasibətim alınmayacaq.” Bu da yaxınlıqdan qaçmaq qorxusunu artırır.
Unutmaq lazım deyil ki, sosial media bir pəncərədir, amma heç vaxt bütün evi göstərmir. Yəni bir cütün paylaşdığı 10 saniyəlik xoşbəxt an onların bütün həyatını əks etdirmir. Əsl münasibət iki insanın bir-birini tam olduğu kimi qəbul etməsidir: yaxşı günlərdə də, çətin günlərdə də.
Bəzən özüm də bu düşüncəyə qapılıram. Sosial mediada hər şey çox parıltılı görünəndə bir anlıq “görəsən, mən nəyisə səhv edirəm?” deyə düşünürəm. Amma sonra xatırlayıram ki, hər sevgi öz hekayəsini yaşayır və müqayisə etmək ən böyük zərəri bizə verir. Necə ki hər insanın barmaq izi yalnız özünə məxsusdur, sevgi hekayəsi də elədir. Mənim bugün münasibətdə yaşadığım bir problemi başqası öz münasibətində yaşamaya bilir, yaxud əksinə mənim öz münasibətimdə heç problem olaraq görmədiyim məsələni başqası öz münasibətində dağ boyda bir problemə çevirə bilir. Çünki hər kəs müxtəlifdir və hər kəs öz münasibətini özünə uyğun yaşıyır. Və hər münasibətdə yanlışlar, səhvlər ola bilir, səhvsiz insan yoxdur onsuz. Əsas məsələ o səhvimizi düzəltmək ya da bir-birimizi səhvimizlə qəbul etməkdir. Çox sevdiyim bir söz var “Real münasibət iki mükəmməl insanın deyil, iki qüsurlu insanın bir-birini sevə-sevə yol tapmasıdır.” Əsas odur ki, heç vaxt yola çıxmaqdan qorxmayın. Yolda nə olacaqsa olacaq, bunu biz bilə bilmərik. Həyat bizə göstərəcək.
Tövsiyələr
Bu mövzu ilə bağlı “Good Will Hunting” və “Five Feet Apart” filminə baxmağınızı tövsiyə edərdim.
Gülay Ələsgərli, Psixologiya, III kurs
Bakı Dövlət Universiteti