Uşaqlara “utan” deyirik, amma nə üçün utanmalı olduqlarını izah etmirik. Gənclərə “etmə” deyirik, amma nəyi niyə etməməli olduqlarını anlamırlar. “Cinsi tərbiyə” deyəndə çoxları ya utanır, ya da mövzunu dəyişir. Halbuki bu mövzu uşaqlar və gənclər üçün çox önəmli olub, vaxtında və düzgün şəkildə izah edilməlidir. Bu yazıda cinsi tərbiyənin nə olduğu, nə üçün vacib sayıldığı və bu mövzunun niyə açıq, düzgün və məlumatlı şəkildə izah edilməli olduğundan bəhs edəcəyik.
Cinsi tərbiyə nədir?
Cinsi tərbiyə – uşağın bədənini tanıması, cinsi inkişaf prosesini, cinsi sağlamlığını və qarşılıqlı münasibətləri tanıması, anlaması və bu barədə düzgün məlumatlanmasıdır. Bu tərbiyə təkcə cinsi orqanlar haqqında məlumat vermək deyil, həm də uşağın öz bədəni ilə bağlı hisslərini tanıması, özünü ifadə etməyi və qorumağı öyrənməsidir.
Cinsi tərbiyə niyə bu qədər vacibdir?
Uşaq daim müşahidə edir və anlamlar çıxarır. Əgər valideyn bu mövzuda açıq deyil və ya mövzunu gizlətməyə çalışırsa, uşaqlar məlumatı başqa yerdən – internetdən, dostlardan və bəzən təhlükəli mənbələrdən öyrənirlər. Valideynin bu sükutu uşağa ‘danışmaq olmaz’, ‘bu mövzu ayıbdır’ kimi yanlış mesajlar ötürə bilər.Valideynin bu söhbətə açıq olması uşağa həm təhlükələrə qarşı qorunmaq, həm də sağlam münasibət formalaşdırmaq imkanı verir.
Təəssüf ki, çox vaxt bu tərbiyə yalnız problem baş verdikdən sonra xatırlanır.
Halbuki uşaq 3 yaşından bədənini tanımağa başlayır. Onunla danışmaq ‘ayıbdır’ demək deyil, əksinə, ‘sənin bədənin sənə aiddir’ deməkdir.
Cinsi tərbiyəyə necə başlayaq?
Cinsi tərbiyə yaşa uyğun olmalıdır. Kiçik yaşda sadə bədən anlayışları ilə başlamaq kifayətdir. Məsələn: bədən üzvlərinin adlarını doğru istifadə etmək, ‘yox demək’ haqqını izah etmək və şəxsi sərhədlərə hörmət göstərmək. Bu, gələcəkdə uşağın özünü ifadə etməsinə, təhlükəli hallarda ‘yox’ deyə bilməsinə,özünü qoruya bilməsinə və bədəninə güvən duymasına zəmin yaradır.
Cinsi tərbiyə – nə ayıbdır, nə də yersiz. Bu, uşağın inkişafının təbii və vacib hissəsidir. Həmçinin cinsi tərbiyə bir söhbətdən ibarət deyil — bu bir münasibətdir. Valideynin hazır, açıq və utandırmayan yanaşması uşağın gələcək münasibətlərini, özünə dəyər hissini və psixoloji sağlamlığını formalaşdırır. Əgər bu mövzuda danışmağa hələ başlamamısınızsa, bəlkə də indi vaxtıdır. Çünki hər bir uşaq sağlam və aydın məlumatı, ilk növbədə, ailədən almağa haqq edir.
Bəs siz bu mövzu haqqında danışmağa hazırsınızmı?
Tövsiyə
Bloq yazarı : Ağayeva Yasəmən