
Səhər gözünü açanda nə edirsən? Əlini ilk öncə telefona uzadırsan. İnstagram, TikTok, Facebook – hər biri gözlərindəki işığı çalır. Bir neçə dəqiqəlik bir yoxlama, bir anda yarım saata çevrilir. Nə görürsən? Kiminsə təbəssümü, tətil fotoları, yeni evlər, yeni maşınlar, mükəmməl bədənlər, əldə edilən uğurlar… Və bir səs başını içindən pıçıldayır: “Səndə niyə belə deyil?”
Bu yazıda, sosial medianın bizi necə yönəltdiyini və bu “gözəl dünyada” özümüzü necə tapacağımızı araşdıracağıq.
1. Virtual Dünyada İtən “Mən”
Sosial media həyatımızın bir növ “vitrini” oldu – hər kəs orada ən gözəlini, ən cazibədar olanını göstərməyə çalışır. Amma bu “ideal görüntülər” və mükəmməl həyatların arxasında görmədiyimiz çox şey var: yorğunluq, tükənmişlik, həyatdan küsmək… Bu barədə danışmırıq, çünki biz yalnız başqalarının həyatını görürük – və görmədikcə içimizdə bir boşluq böyüyür.
Biz başqalarının gözəllikləri ilə özümüzü müqayisə edirik və bəzən bu, daxili bir boşluğa səbəb olur – sanki heç vaxt yetərli olmamışıq, sanki geridə qalmışıq…
Bu görünməz yarış insanın psixologiyasını təkcə yorur, həm də özünə olan inamı sarsıdır. Biz artıq “like” sayına görə dəyər ölçməyə başlamışıq. Amma unutmalıyıq ki, bir insanın real həyatı yalnız bir ekrandan görünən “gözəl anlardan” ibarət deyil.
2. Sosial Münasibətlər: Gerçəkdən Uzaq, Yaxın Görünənlər
Bir anlıq dayan və düşün: Son dəfə kimlərlə dərindən, ürəkdən danışdın? Yoxsa, daha çox insanlar status yazmaqla duyğularını ifadə etməyə çalışır, əslində onları yaşamaq yerinə başqalarına göstərmək istəyirlər?
Günümüzdə sosial münasibətlər çox vaxt səthidir, emojilər isə real emosiyaların yerini alır. Hətta çoxumuz özümüzü daha çox görünməyə çalışırıq – amma hiss etməyə çalışırıqmı?
Bu təkcə diqqət cəlb etmək üçün deyil; bəzən özümüzü göstərmək, başqalarının bizi görməsi üçün etdiyimiz şeylər, içimizdəki görünməmə qorxusunun səssiz və dərin qışqırığıdır.
3. Bəs Biz Nə Etməliyik?
Sosial medianın bu təsirli gücü ilə başa çıxmaq mümkündür. Bunu etməklə özünüzü daha yaxşı hiss edə bilər, həm də həyatın real gözəlliklərini yenidən kəşf edə bilərsiniz. İşdə bir neçə tövsiyə:
• Reallığı unutmamaq: Sosial media heç vaxt reallığın tam əksini təqdim etmir. Hər paylaşım bir növ “kürsüdən baxılmış” görünüşdür, ona görə də heç vaxt öz həyatınızı başqaları ilə müqayisə etməyin.
• Vaxtı özünə həsr et: Günün bir hissəsini sosial mediadan uzaq durmağa çalışın. Yazın, gəzib-dönün, təbiətə çıxın, düşünün, susun… Həyat yalnız ekranın arxasında deyil, burada və indi yaşanır.
• Öz dəyərini ölçmə: Sənin dəyərin nə qədər “like” aldığına görə ölçülə bilməz. Sən artıq olduğun kimi dəyərlisən. Unutma, sosial media səni bütöv bir insan kimi deyil, sadəcə bir neçə saniyənin görüntüsü olaraq təqdim edir.
• Rəqəmsal pəhriz et: Bəzən telefonun səssizliyində qal, öz səsini eşit. Ruhunun da sükuta ehtiyacı var. Rəqəmsal dünyadan uzaq qalmaq – bəzən ən yaxşı qərar ola bilər.
Nəticə
Sosial media, gözəl və cazibədar görünə bilər, amma əslində bu, bir illüziyadır. Bəyənilər və başqalarının “filtrlənmiş” həyatları ilə özünü müqayisə etmək əvəzinə, öz hekayəni yazmağa başla. Həqiqətən səni anlayacaq və səni olduğu kimi görəcək insanlar var. Amma unutma, əvvəlcə özünü görməlisən.
Unutma: Bəyəni axtarma, öz dəyərini xatırla.
Tövsiyə Kitab: “How to Break Up With Your Phone” – Catherine Price
Tövsiyə Podkast: “Selfie: How We Became So Self-Obsessed and What It’s Doing to Us” – Will Storr
Tövsiyə Film: “The Social Dilemma” – Sosial medianın psixologiyaya təsiri və onun yarada biləcəyi təhlükələr haqqında sənədli film
Nüşabə İsgəndərova
Dövlət Universiteti Psixologiya ( SABAH) tələbəsi 4-cü kurs



