
Bu günün gənci olmaq – bəzən marafonda qaçmaq kimidir: nəfəsin çatmır, hədəf görünmür, amma dayanmaq da olmur.
Sosial mediada mükəmməl həyatların fonunda öz həyatını yetərsiz hiss etmək… Gələcəklə bağlı qeyri-müəyyənlik, ailə və cəmiyyət gözləntiləri arasında sıxılıb qalmaq…
Bütün bunlar bir yerə yığılır və içində bir hiss peyda olur: narahatlıq.
Bu yazıda bu duyğunun haradan gəldiyini, necə formalaşdığını və onunla necə sağlam şəkildə baş edə biləcəyimizi araşdıracağıq. Çünki bu duyğunu tanımaq – ondan azad olmağın ilk addımıdır.
1. Narahatlıq nədir və necə yaranır?
Narahatlıq – bədənin və zehnin “təhlükə siqnalı”dır.
Gələcək haqqında düşünəndə ürəyin sıxılırsa, qərar vermək çətin gəlirsə, diqqətini toplamaq mümkün deyilsə – bu, beyninin səni qorumağa çalışmasıdır. Amma bu siqnal daim çalınanda, o, artıq qoruma yox, əngəl olur.
Gənclərdə narahatlıq tez-tez bu situasiyalarda baş qaldırır:
• İmtahan və karyera təzyiqi
• Ailə və yaxınların gözləntiləri
• Sosial mediada başqaları ilə müqayisə
• “Gələcəyim nə olacaq?” sualına cavabsızlıq
Bu narahatlıq bəzən sadəcə bir hiss kimi qalır, bəzənsə anksiyetə adlanan bir vəziyyətə çevrilərək gündəlik həyat keyfiyyətini azalda bilir.
2. Narahatlıqla necə başa çıxmaq olar?
Əvvəlcə qəbul etmək lazımdır ki, narahatlıq yaşamaq zəiflik deyil. Bu, bəşəri bir duyğudur. Amma onunla sağlam yollarla başa çıxmaq mümkündür:
• Nəfəs məşqləri: Dərin nəfəs al, yavaşca ver. Bəzən sadəcə nəfəsinə diqqət etmək belə, beyinə “təhlükə yoxdur” siqnalı göndərir.
• Fiziki aktivlik: Hətta qısa bir gəzinti belə, beynindəki stress hormonlarını azaldır və xoşbəxtlik hormonlarını aktivləşdirir.
• Duyğuları yazmaq: Hisslərini kağıza tök. Özünü daha yaxşı anlamağa və içindəki xaosu nizama salmağa kömək edəcək.
• Dəstək axtar: Duyğularını etibar etdiyin biri ilə paylaş. Bəzən sadəcə dinlənmək belə, bədəni və ruhu yüngülləşdirir.
• Təkrarlanan düşüncələri müşahidə et: “Ya alınmasa?”, “Bəs uğursuz olsam?” kimi düşüncələrin fərqində ol və onlara faktlarla cavab ver. Onlar sadəcə düşüncədir – həqiqət deyil.
3. Narahatlıqla mübarizədə tək deyilsən
Bu gün minlərlə gənc eyni hissləri yaşayır. Bunu qəbul etmək – rahatladıcıdır. Çünki sən tək deyilsən.
Dəstək almaq, bir psixoloqla danışmaq və ya dəstək qruplarına qoşulmaq, bu hissin gücünü azaltmaq üçün effektiv addımlardır.
Unutma: Narahatlıq bir şəxsiyyət xüsusiyyəti deyil, bir vəziyyətdir. Və vəziyyətlər dəyişə bilər.
Nəticə
Narahatlıq həyatın içində var. Amma onunla necə davranacağımız, onun bizi yox, bizim onu idarə edib-etməyəcəyimiz bizim əlimizdədir.
Duyğularını tanı, adını qoy, onların içindən keç. Çünki çətinliklərdən keçənlər, işıqla dolu yollara çıxar.
Əgər bu gün çətin hiss edirsənsə, bil ki – bu hal da keçəcək. Həyatın hər fəsli olduğu kimi, bu fəsil də dəyişəcək. Və sən, bu yolun sonunda daha güclü, daha anlayışlı və daha özünə bağlı biri olacaqsan.
Tövsiyə Kitab: “Narahatlığa Yox De!” – Barry McDonagh
Tövsiyə Film: “A Beautiful Mind” – Zəkanın və ruhun mübarizəsini əks etdirən ilhamverici hekayə
Tövsiyə Podkast: “The Anxious Achiever” – Narahatlığın iş və gündəlik həyata təsiri haqqında real hekayələr
Nüşabə İsgəndərova
Dövlət Universiteti Psixologiya ( SABAH) tələbəsi 4-cü kurs



